Serbiya-Kosovo gərginliyi kritik həddə| “Paralel” strukturların bağlanması nəyə səbəb olacaq?

2025/02/1738918731.jpg
Oxunub: 570     16:32     07 Fevral 2025    
Kosovonun daxili işlər naziri Xhelal Sveçla 2025-ci il yanvarın 15-də “Facebook” hesabında İbar çayının cənubundakı on əyalətdə (Priştina, Lipyan, Obiliç, Kosovo düzənliyi, Vuçitrn, Novobirdo, Kameniçe, Rahovça, Viti və Skenderay) Serbiyanın idarə etdiyi “paralel” strukturların (bələdiyyə ofisləri, poçt və vergi idarələri) bağlandığını açıqlayıb.

Bu inkişaf Kurti hökuməti ilə Belqrad administrasiyası arasında 2021-ci ilin mart ayından etibarən davam edən gərginliyə yenisini əlavə etdi. Bu inkişaf və onun yaratdığı reaksiyalar göstərir ki, “paralel” strukturların bağlanması Priştina administrasiyasının əvvəlki əməliyyatlarından heç bir fərqi yoxdur və dolayısı ilə Belqrad administrasiyasına xeyir verir.

Təkrarlanan proseslər

Xüsusilə son bir neçə ildə Kosovo ilə Serbiya arasında görməyə adət etdiyimiz gərginlik axını olduqca təəccüblüdür. Vuçiç hökuməti hər dəfə kütləvi etirazlarla qarşılaşanda, Kosovoda böhran yaranır. Serbiya hökuməti bununla da diqqəti etirazlardan yayındırmağı və gündəmi dəyişməyi hədəfləyir. Priştina administrasiyası tez-tez bu böhranlara birtərəfli yanaşır.

Bu vəziyyət Qərb müttəfiqlərinin (ABŞ və Avropa İttifaqı ölkələri) sərt reaksiyasına səbəb olsa da, Vuçiç hökuməti üçün dolayısı ilə legitimlik mənbəyi oldu. Biz bu strategiyanı son 1,5 ildə ən azı üç dəfə görmüşük. Daha dəqiq desək, 2023-cü ilin may ayında Kosovonun şimalındakı serb azlıqların sıx yaşadığı dörd bələdiyyədə (Şimali Mitrovitsa, Leposaviç, Zveçan və Zubin Potok) toqquşmalar başlayanda, Serbiyada məktəb hücumlarına görə Vuçiç administrasiyasına qarşı böyük kütləvi etirazlar keçirildi.

Eyni şəkildə 2024-cü ilin yanvarında Kosovoda dinar qadağası gündəmə gələndə, insanlar Serbiyada keçirilən ümumi seçkilərdəki pozuntulara etiraz etmək üçün küçələrə çıxıblar. Bəzən bu strategiya başa düşülməsi çətin (hətta gülməli) olan bir nöqtəyə çata bilir. 2024-cü ilin yanvarında Serbiya siyasi səhnəsində o zamana qədər adı heç eşidilməmiş siyasətçi Nikola Sanduloviçin Priştina administrasiyası tərəfindən “Serbiya müxalifət lideri” kimi təqdim edilməsi və adının Serbiya prezidenti Aleksandar Vuçiç tərəfindən çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında belə qeyd edilməsi buna yaxşı nümunədir.

Bu hadisədən bir il sonra İbar çayının cənubundakı 10 əyalətdəki “paralel” strukturların bağlanması da bu kontekstdə nəzərdən keçirilməlidir.

Kosovo-Serbiya gərginliyində son vəziyyət necədir?

Vuçiç hökuməti 2024-cü il noyabrın əvvəlində 15 nəfərin ölümünə səbəb olan Novi-Sad Qatar Stansiyasının damının uçmasından etibarən həftələrdir kütləvi etirazlarla üzləşir. “Korrupsiya öldürür” mesajını daşıyan nümayişlərin Slobodan Miloşeviçi devirən 2000-ci ilin sentyabr-oktyabr etirazlarından sonra ən böyük nümayişlər olduğu düşünülür. Bu kontekstdə Serbiya rəhbərliyi Kosovoda “paralel” strukturların bağlanmasını beynəlxalq məsələyə çevirərək, Serbiyadakı fəalları və müxalifəti neytrallaşdırmaq məqsədi güdür.

Əslində, yanvarın 15-də “paralel” strukturların bağlanmasını baş verən növbəti inkişafların davamı kimi də qiymətləndirmək olar. 2024-cü il dekabrın 23-də Kosovo Mərkəzi Seçki Komissiyası ölkədəki ən böyük serb partiyası və Belqrad hökumətinin uzantısı olan “Serb Siyahısı”nın 2025-ci il fevralın 9-da keçiriləcək ümumi seçkilərdə iştirak etməyəcəyinə qərar verdi. Bu qərar ləğv edilsə də, onun yaratdığı gərginlik Kosovonun Qərb müttəfiqlərinin tənqidinə səbəb oldu.

Üstəlik, bu proses Serbiyadakı hərəkətlərlə böyük ölçüdə üst-üstə düşür, dolayısı ilə Belqrad hökumətinin gündəliyinə xidmət etdi. Digər tərəfdən, unutmaq olmaz ki, Kosovoda ümumi seçkilər yaxınlaşdığından, bu gərginliklər silsiləsi Kosovonun Baş naziri Albin Kurtinin sosialist partiyası üçün də qaçırılmayacaq bir seçki materialıdır.

Daha geniş aspektdən baxsaq, millətçilikdən ölkənin gündəmini dəyişdirmək və etirazçıları/müxalifəti dağıtmaq üçün tez-tez istifadə olunan bir strategiyadır. Amerikalı politoloq Çip Qaqnon 2004-cü ildə çap etdirdiyi “The Myth of Ethnic War” adlı kitabında 1990-cı illərdə Yuqoslaviya müharibələrinin (Xorvatiya, Bosniya və Kosovo) Slobodan Miloşeviç və Franyo Tucman başda olmaqla, mühafizəkar elitalar tərəfindən “tətbiq olunan” kütləvi zorakılıq aktları olduğunu və bu zorakılığın əsl məqsədinin öz ölkələrindəki demokratiya tərəfdarı olan müxalifəti “tərxis etmək” olduğunu iddia edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Kosovo   Balkanlar  


Bizi "telegram"da izləyin